Bir razılıq, bir imza — kiminsə yarımçıq qalan yoluna ümidlə açılan yeni səhifə əlavə edir. Məhz bu düşüncənin fonunda Azərbaycan Texniki Universitetində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələri tələbələrlə bir araya gəlib.
Tədbiri universitetin tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli açaraq insan həyatının dəyərinin cəmiyyətin mənəvi səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri olduğunu vurğulayıb:
“İnsana verilən dəyər, əslində, insanın özünü necə dərk etməsidir. Donorluq isə bu dəyərin səssiz, amma ən təsirli ifadəsidir.”
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova orqan donorluğunun cəmiyyət üçün daşıdığı humanist mənadan danışıb. Onun sözlərinə görə, bu qərar bir insanın həyat yolunda ümid işığına çevrilə bilər:
“Donor olmaq — bir həyatın bitməsinə deyil, başqa bir həyatın davamını düşünərək yanaşmaqdır.”
Görüş zamanı Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva mövzunu tibbi və etik çərçivədə izah edib. O, beyin ölümü anlayışı, donorluğun hüquqi əsasları və donor ailələrinə göstərilən mənəvi dəstəyin vacibliyi barədə ətraflı məlumat verib:
“Bu prosesdə ən önəmli məqam insan hisslərinə hörmətlə yanaşmaqdır. Hər qərarın arxasında bir ailənin yaşantısı dayanır.”
Tələbələr mövzuya böyük maraq göstərərək müzakirələrə fəal şəkildə qoşulublar.
Verilən suallar isə gənclərin məsələyə şüurlu və məsuliyyətli yanaşdığını açıq şəkildə göstərib.
Görüş çərçivəsində nümayiş etdirilən orqan donorluğunun əhəmiyyətini əks etdirən videoçarx zalda xüsusi bir düşüncə yaradıb.
“Bəzən bir insanın yolu burada tamamlanır, amma onun verdiyi həyat başqa bir yerdə davam edir.”
Görüşün sonunda bir neçə tələbə ölümündən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayaraq bu nəcib təşəbbüsə könüllü şəkildə qoşulub.